Naxçıvan Sement Zavodu MMC
Sement İstehsalı
Regionun mühim sənaye quruluşlarından biri hesab olunan “Naxçıvan Sement Zavodu” MMC, Naxçıvan Muxtar Respubkikasında reallaşmış ən böyük investisiya layihəsidir. Zavodun inşasına 2009-cu ilin son aylarında başlanmış, 2012-ci ilin may ayında klinker və sement xətti istifadəyə verilmişdir. Çin, Almaniya və Türkiyə istehsalı avadanlıqlarıyla təchiz olunan zavodda müasir “quru üsul” texnologiyasından istifadə edilir.
Qurulduğu tarixdə zavodun istehsal gücü illik 300 min tondan artıq idi. 2013-cü ildə yaradılan ara istehsal bölməsilə bu istehsal gücü bir qədər artırılmışdır.
Naxçıvan Sement Zavodu “CE” keyfiyyət nişanına layiq görülmüşdür. Bu keyfiyyət nişanı məhsulun Avropa tələblərinə uyğunluğunun göstəricisidir.
Zavodda istehsal xəttinə daxil olan xammalın, qatqı maddələrinin, istehsal olunan məhsulun keyfiyyətinə nəzarət müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Burada quraşdırılan avadanlıqlarla istehsalat xəttindən saatda bir dəfə nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Bu analizlərin nəticəsi həm istehlakçıya verilir, həm də zavodun arxivində saxlanılır.
Sement istehsalına tək növ olan “CEM I 42.5N” markalı Portland sementi ilə başlandı. 2017-ci ildən isə daha yüksək keyfiyyət standartına malik CEM I 52.5N Portland sementinin istehsalına və satışına başlandı. Bununla da məhsul çeşidi artmaqla yanaşı, daha yüksək keyfiyyət standartlarındakı məhsula tələbat da ödəndi. Həmin ilin sonlarına doğru zavod üçün 2-ci çeşid məhsul mahiyyəti daşıyan qatqılı sementin (CEM II növü) istehsalı ilə bağlı mühəndis heyəti tərəfindən geniş araşdırmalar aparıldı. Suvaq və hörgü işləri üçün daha əlverişli olan bu növ sementin maliyyəti də digər növ sementlərlə müqayisədə daha azdır. Beləliklə, hal-hazırda CEM I 52.5N və CEM II 42.5N olmaqla iki çeşid sement istehsal edilir.
Naxçıvan Sement Zavodu istehsal prosesini və daşımaları təmin edəcək geniş infrastruktur və uzunmüddətli xammal ehtiyatları ilə təmin edilmişdir. Bütün xammal növləri muxtar respublikanın yataqlarından əldə olunur. Yüz faiz yerli xammala əsaslanan zavodda əhəng daşı, mergel, qabro və gips daşı istifadə olunur.
Ölkə rəhbərliyinin qayğısıyla həyata keçirilmiş bu layihə yerli tikinti sektorunun tələbatını tam şəkildə ödəməklə yanaşı, ixrac üçün də geniş imkanlar yaradır. Şirkət fəaliyyətinə başladıqdan sonra qısa müddət ərzində istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olmuşdur. Bu zavod regionun sosial iqtisadi inkişafının sürətlənməsində, yerli istehsalın artırılması və ölkəyə sement idxalının azaldılmasında, yeni iş yerlərinin yaradılması və əhali məşğulluğunun artırılmasında əhəmiyyətli rol oynayır. Burada çalışanlar üçün normal iş şəraiti yaradılıb. Üç növbəli iş rejimi tətbiq olunur. Zavod çalışanları sutqada üç dəfə yemək, xüsusi geyim formaları və işə aparılıb-gətirilməsi üçün nəqliyyat vasitələri ilə zavod vəsaiti hesabına təmin olunurlar.
Zavodun ətrafındakı ərazilərdə geniş yaşıllaşdırma tədbirləri həyata keçirilmişdir. Bu məqsədlə 12 hektarlıq əraziyə 18 min ağac əkilmiş, abadlaşdırma işləri aparılmışdır.
Şirkətin əsas məqsədi ölkənin sement sektorunu yenilikçi və qabaqcıl fəaliyyətlərilə istiqamətləndirmək, keyfiyyət və etibarlılığı ilə daim seçilmək və ölkənin milli rifahında öz yerini almaqdır.